IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində WAM ilə AzərTAc arasında memorandum imzalanacaq

Bakı, 4 sentyabr (AzərTAc). Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Elxan Qəhrəman sentyabrın 3-də BƏƏ Dövlət İnformasiya Agentliyinin (WAM) icraçı direktoru Camal Nasir əs-Süveydr ilə görüşüb.
Səfirlikdən AzərTAc-a bildiriblər ki, görüşdə E.Qəhrəman Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərinin əlaqələrindən danışıb. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər bütün istiqamətlərdə uğurla inkişaf edir, media sahəsində də qarşılıqlı əməkdaşlıq üçün geniş potensial mövcuddur.
Səfir bu il oktyabrın 2-3-də Bakıda IV Beynəlxalq Humanitar Forumun keçiriləcəyini diqqətə çatdırıb. Diplomat bildirib ki, Forumun mətbuatla bağlı bölməsini AzərTAc təşkil edir. Camal Nasir əs-Süveydrin AzərTAc-ın baş direktoru Aslan Aslanov tərəfindən Foruma dəvət olunduğunu deyən səfir dəvət məktubunu icraçı direktora təqdim edib.
Səfir dünyanın nüfuzlu simalarının, o cümlədən Nobel mükafatçılarının da qatılacaqları Forumda Camal Nasir əs-Süveydrin iştirakını həm AzərTAc, həm də digər ölkələrin milli agentlikləri ilə informasiya əməkdaşlığı üçün əlverişli fürsət kimi dəyərləndirib. Həmçinin görüşdə Bakıya səfərin Azərbaycanın və BƏƏ-nin milli informasiya agentlikləri arasında əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından faydalı olacağına əminlik ifadə edilib.
WAM-ın icraçı direktoru Camal Nasir əs-Süveydr dəvəti yüksək qiymətləndirərək, IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcəyini diqqətə çatdırıb.
Görüşdə IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində WAM ilə AzərTAc arasında informasiya mübadiləsinə dair imzalanacaq memorandum barədə fikir mübadiləsi aparılıb, səfirlik ilə əməkdaşlıq imkanları müzakirə edilib.