Bakıda hazırlanan mebel İtaliya istehsalı kimi qələmə verilib

Bakı, 14 iyul (AzərTAc). Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Verona Lux” mağazasından 562 min 483,61 manat və “Səma LTD” MMM mebel fabrikindən 549 min 699,49 manat məbləğində verginin dövlət büdcəsinə ödənmədiyini müəyyən edib.
Nazirlikdən AzərTAc-a verilən məlumata görə, “Səma LTD” mağazasında satılan mebellərin guya İtaliyada istehsal edildiyi, əslində isə “Səma LTD” MMM-ə məxsus mebel fabrikində hazırlandığı aşkarlanıb.
Araşdırma zamanı mebellərin birbaşa fabrikdən evlərə aparılaraq quraşdırıldığı, əhali ilə nağd hesablaşma qaydalarının pozulduğu müəyyən olunub. Həmin mağaza və fabrikdən mühasibatlıq və “qara mühasibatlıq” sənədlərinin saxlanıldığı kompyuter prosessorları götürülüb.
Hər iki fakt üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi açılıb.