Fransada keçirilən “Fenioux Trophy Piste” turniri velosipedçilərimiz üçün uğurlu olmuşdur

Bakı, 14 iyul (AzərTAc). Avropada çıxışlarını davam etdirən velosiped idmanının trek növü üzrə Azərbaycan yığma komandası Fransada “Fenioux Trophy Piste” kubokunda iştirak etmişdir.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AzərTAc-a bildirmişlər ki, velosipedçilərimizin çıxışı bu dəfə daha uğurlu olmuşdur.
Yığma komandamızın üzvü Olqa İsmayılova 500 metr məsafəyə sprint yarışlarında turniri ikinci, 200 metr məsafəyə sprint yarışlarında isə dördüncü pillədə başa vurmuşdur. İdmançımız bir gün əvvəl daha bir gümüş medal qazanmış və bununla da reytinqinə 72 xal əlavə etmişdir.
Digər velosipedçimiz Yelena Pavluxina da fəxri kürsüyə qalxmağı bacarmışdır. Y.Pavluxina 10 min metr məsafəyə sketçdə mübarizə aparmış və yekunda üçüncü nəticə göstərmişdir.
Kişilər arasında sprint yarışlarında yığma komandamızın üzvü Sergey Omelçenko 19 nəfər arasında 8-ci, Maksim Buşmin isə 14-cü yeri tutmuşlar.