Gəncədə Xalq Artisti Ələddin Abbasov ilə vida mərasimi keçirildi

Gəncə, 14 iyul (AzərTAc, Sabir Əliyev). 1939-cu ildən başlayaraq bütün yaradıcı ömrünü Gəncə Dövlət Dram Teatrına bağlayan Azərbaycan Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsü Ələddin Abbasov iyulun 14-də son mənzilə yola salındı.
AzərTAc xəbər verir ki, Gəncə Dövlət Dram Teatrında şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən vida mərasimində əvvəlcə mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, xalq artistləri Pərvanə Qurbanova, Vaqif Şərifov, Məmmədəli Balayev, akademik Fuad Əliyev və başqaları çıxış edərək görkəmli səhnə ustası Ələddin Abbasovun dünya və Azərbaycan dramaturgiyasında yaratdığı unudulmaz obrazlardan danışdılar. Qeyd edildi ki, onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim qiymətləndirilmiş, görkəmli aktyor Xalq Artisti fəxri adınadək yüksəlmişdir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Azərbaycanın teatr və kino sənətindəki xidmətləri dəyərləndirilərək Prezident təqaüdünə layiq görülmüşdür.
Vida mərasimində mərhumun ailə üzvləri adından çıxış edən Aslan Abbasov aktyor Ələddin Abbasovun əməyinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Xalq Artistinin dəfnini təşkil edən Gəncə Şəhər İcra Hakimiyyətinə də minnətdarlıq ifadə olundu.
Sonra Ələddin Abbasov “Dəli Kür” filmindəki “Ana Kür” mahnısının sədaları altında son mənzilə yola salındı.
Mərhum Gəncədəki Fəxri xiyabanda dəfn edildi.