Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Bakı, 14 iyul (AzərTAc). Avstriya Respublikasının Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) “Təcrübə elmlə qovuşur” mövzusunda dördüncü Yay Akademiyası (IACSA) keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 50-dən artıq ölkədən 65 nümayəndənin qatıldığı tədbirdə Azərbaycanı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin prokurorları Sahib İsmayılov və Samir Mahmudov təmsil etmişlər.
Tədbirdə bir sıra mötəbər elm və araşdırma mərkəzlərinin professorları, habelə beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, ekspertləri transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələr səsləndirmişlər.
Kurslarda iştirakçılar işçi qruplarına bölünməklə praktiki tapşırıqların həll olunmasında fəal iştirak etmişlər. Hər qrup tərəfindən mövzu üzrə təqdimatlar keçirilmişdir. İnteraktiv şəkildə keçirilən təlimdə ekspertlər iştirakçıların suallarını cavablandırmışlar.
Azərbaycan təmsilçilərinin iştirak etdiyi qrup müvafiq tapşırıqların həllində xüsusi fəallıq göstərdiyinə görə Akademiyanın mükafatı ilə təltif edilmişdir.
Tədbirin sonunda iştirakçılara IACA-nı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim olunmuşdur.
Azərbaycan Respublikası “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair müddəalarına uyğun olaraq beynəlxalq təşkilatlarla, o cümlədən IACA ilə işbirliyinin genişləndirilməsi, birgə təhsil və tədris layihələrinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.