Oğurluq və quldurluq hadisələrinin üstü açılmışdır

Bakı, 14 iyul (AzərTAc). Binəqədi rayonunda Bakı sakini İlham İsmayılova məxsus “VAZ-2104” markalı avtomobildən oğurluğa cəhd göstərilmişdir.
Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Salyan rayon sakinləri Vüqar Əlizadə, Rauf Qəşəmzadə və Çingiz Həsənzadə saxlanılmışlar. Aparılmış əməliyyat tədbirləri nəticəsində onların Bakı sakinləri İsmayıl Cəfərova məxsus “VAZ-2106” və Fuad Qadıyevə məxsus “VAZ-2104” markalı avtomobillərdən oğurluq etdikləri də müəyyən edilmişdir.
Koreya vətəndaşları San Sung Gugdan və Tun Tong Hyundan pul və üç mobil telefon quldurluq yolu ilə alınmışdır.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Təhməz Əliyev tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmış, araşdırmalar davam etdirilir.