Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze ilə vida mərasimi

Bakı, 14 iyul (AzərTAc). Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze ilə vida mərasimi Tbilisidə Müqəddəs Saleba kilsəsində keçirilmişdir.
AzərTAc xəbər verir ki, Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin, hökumət və dövlət nümayəndələrinin, müxtəlif ölkələrin rəsmilərinin, mərhumun ailə üzvlərinin və yaxınlarının qatıldığı vida mərasimində Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti iştirak etmişdir.
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili tanınmış siyasətçi Eduard Şevardnadzenin ölkəsi və xalqı üçün xidmətlərindən danışmış, mərasimdə iştirak etmək üçün gələn qonaqlara gürcü xalqı adından minnətdarlığını bildirmişdir.
Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze iyulun 7-də 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.