“Cənub qaz dəhlizi” layihənin icrası nəticəsində Azərbaycan bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəkdir

Bakı, 11 iyul (AzərTAc). Bu altı ayda neft-qaz sahəsində, xüsusilə “Cənub qaz dəhlizi” ilə bağlı ciddi addımlar atılmışdır. İlkin tenderlər elan edilmişdir. TANAP layihəsinin icrası, demək olar ki, artıq başlamışdır. Tikintiyə hazırlıq dövrü çox uğurla gedir. Hesab edirəm ki, biz bu böyük layihəni vaxtında icra edəcəyik.
AzərTAc xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində demişdir.
“Cənub qaz dəhlizi”nin təşəbbüskarının Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı bu layihənin icrası nəticəsində həm ölkəmizin, həm də qonşu dövlətlərin və Avropa ölkələrinin böyük fayda götürəcəklərini qeyd etmişdir. “Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir. Bu üç layihə - “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir. Biz bu layihənin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəyik və Azərbaycanın dünyadakı rolu daha da artacaqdır”, - deyə Prezident İlham Əliyev bildirmişdir.
Dövlətimizin başçısı enerji siyasətinin bütün ölkələr üçün milli təhlükəsizlik məsələsi olduğunu diqqətə çatdıraraq demişdir ki, son aylarda bölgədə, Avropada bu sahədə müşahidə olunan hadisələr və müəyyən gərginlik enerji təhlükəsizliyi olmadan heç bir ölkənin özünü rahat hiss edə və tam müstəqil siyasət apara bilməyəcəyini göstərmişdir.
Azərbaycanın öz enerji təhlükəsizliyini təmin etməklə yanaşı, bu gün başqa ölkələrin enerji təhlükəsizliyində də müsbət rol oynadığını diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin enerji resurslarından heç vaxt başqa məqsədlər üçün istifadə etmədiyini vurğulayaq demişdir: “Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir”.
Növbəti illərdə TANAP layihəsinin icrası nəticəsində Azərbaycanda on minlərlə yeni iş yerinin açılacağını bildirən dövlətimizin başçısı Azərbaycan şirkətlərinin də bu layihələrdə fəal iştirakının vacibliyini qeyd etmişdir.