Səbailli veteranlar ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümünü qeyd etmişlər

Bakı, 11 iyul (AzərTAc). Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Şəhidlər xiyabanındakı qərargahında Səbail rayon Ağsaqqallar, Veteran Təşkilatları şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məruzə ilə çıxış etmişdir. Qeyd etmişdir ki, 45 il əvvəl - 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.  Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır.
Bildirilmişdir ki, Heydər Əliyevin böyük səyləri, Vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini vermişdir. Ulu Öndərin səyləri, bilik və bacarığı, gərgin əməyi sayəsində bir zamanlar keçmiş Sovet İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl bir respublikaya çevrilmişdir. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edilmişdir, əhalinin şəraitinin yaxşılaşdırılması üçün genişmiqyaslı mənzil tikintisi layihələri həyata keçirilmişdir. Görülən bütün işlərin ilhamçısı və onların başında duran isə məhz xalqımızın böyük oğlu Heydər Əliyev olmuşdur.
Qeyd edilmişdir ki, zəngin təcrübə, böyük təşkilatçılıq bacarığı, gördüyü işlərin sayəsində keçmiş sovetlər birliyinin bütün guşələrində böyük hörməti olan Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü seçilmiş, həmin dövrdə SSRİ-nin ən yüksək dövlət postlarından olan SSRİ Nazirlər Sovetinin birinci müavini təyin olunmuşdur. 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev ölkəni parçalanmaqdan, məhv olmaqdan qorumuş, xalqımızın xilaskarına çevrilmişdir. Ümummilli Lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük strateji layihələrin həyata keçirilməsinə başlamışdır. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
E.Ağayev, həmçinin Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəlişinin 45 illiyi ilə bağlı Səbail rayonunda keçirilən tədbirlər barədə məlumat vermişdir.
Respublika Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, müharibə veteranı Musa Bayramov, Veteranlar Şurasının üzvü Həsən Əmirov, Tərxis Olunmuş Hərbiçilər İctimai Birliyinin sədri Emil Həsənli və başqaları Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişi, onun Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyi böyük işlərdən danışmışlar.
Çıxışlarda qeyd olunmuşdur ki, Səbail rayonunun ağsaqqalları, veteranları, digər ictimai təşkilatların üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafının gündən-günə artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi, işğal altında olan torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri dəstəkləyir.