Milli yüksəliş tariximizin unudulmaz günü

Babək, 11 iyul (AzərTAc, Rauf Əliyev). Naxçıvan Muxtar Respublikası Babək rayonunun Babək qəsəbəsində yerləşən mədəniyyət evində ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının 45-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən keçirilən mərasimdə rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nailə Vəliyeva bildirmişdir ki, ümummilli lider  Heydər Əliyevin  1969-cu il iyulun 14-də Azərbaycan  rəhbərliyinə  gəlişi keçmiş İttifaq dövləti daxilində geri  qalmış  respublikanın  bir  neçə il  ərzində hərtərəfli inkişafı və o dövrə  məxsus  intibah əlamətləri ilə  milli  tariximizə  unudulmaz  bir gün olaraq yazılmışdır. 45 il  əvvəl başlanan  həmin yol Ulu  Öndərin xalq  işinə  sədaqəti,  milli  maraqları  hər   şeydən  üstün tutması  ilə Azərbaycanı  yaxınlaşmaqda olan dövlət  müstəqilliyinə  hazırlamışdır.
N. Vəliyeva qeyd etmişdir ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev respublikaya rəhbərliyə başladığı ilk gündən qarşıya qoyduğu prioritet məsələ  Azərbaycanın iqtisadiyyatını möhkəmləndirmək, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırmaq, milli mənafeyini, milli mentalitetini, mədəniyyət və mənəviyyatını qorumaq  və inkişaf etdirmək olmuşdur. Ulu Öndərin bir-birinin ardınca həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər nəticəsində  Sovet hakimiyyəti dövründə respublikamız keçmiş SSRİ-də bütün sahələrdə öncül yerlərdən birinə çıxmışdır. Sosial-iqtisadi və mədəni sahələrdə aparılan islahatlar və uzaqgörən siyasət nəticəsində qazanılan nailiyyətlər ölkəmizin dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynamışdır.
Vurğulanmışdır ki, 1969-1982-ci illər Azərbaycanın yeni tarixinə quruculuq illəri kimi daxil olmuşdur. Ölkə  həyatında baş verən  dəyişikliklərin miqyasına, iqtisadi  və sosial  sahələrdə  aparılan  köklü struktur  islahatlarının xarakterinə, xalqın maddi  rifah halının yüksəlməsinə  görə respublikamız İttifaq miqyasında böyük şöhrət qazanmışdı. Bu  dövrdə respublika iqtisadiyyatında böyük bir  canlanma baş vermişdi.  Yüzlərlə zavod və fabriklər inşa edilmiş, yeni istehsalat  sahələri  yaranmışdı. Neft və neft  avadanlıqları, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral  gübrələr, çini-saxsı qablar, xalça və xalçaçılıq məmulatları istehsalı üzrə Azərbaycan keçmiş SSRİ-də  ön sıraya çıxmışdı.
Babək Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Hüseynov bildirmişdir ki, Babək rayonu Ulu Öndərin birinci siyasi hakimiyyəti dövründə - 1978-ci il oktyabrın 23-də yaradılmışdır. Yeni rayona mərkəzi hakimiyyətin iradəsinin əksinə olaraq Babək adının verilməsi ümummilli lider Heydər Əliyevin qətiyyətinin, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi taleyüklü tədbirlərin nəticəsi idi. Yarandığı dövrdən ötən müddət ərzində rayon böyük inkişaf yolu keçmiş, ulu öndər Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün konkret bir regionda əyani ifadəsinə çevrilmişdir. Ölkə və muxtar respublika rəhbərliyinin qayğısı və diqqəti sayəsində bu gün Babəkdə abadlıq-quruculuq işləri sürətlə davam etdirilir.
Daha sonra çıxış edən Babək qəsəbəsi tam orta məktəbinin direktoru Əli Hacıyev, rayon mərkəzi xəstəxanasının həkim-pediatrı Leylan Həsənova, Zeynəddin kənd uşaq musiqi məktəbinin direktoru Hüseyn Qafarov 14 iyulun Azərbaycanın siyasi, inkişaf tarixində oynadığı roldan ətraflı söhbət açmış, dahi şəxsiyyət Heydər Əliyevin təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafında əvəzsiz xidmətlərindən danışmışlar.