FİFA Luis Suaresin diskvalifikasiyasına etirazı rədd etmişdir

Bakı, 11 iyul (AzərTAc). Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) Apelyasiya Komitəsi Uruqvay yığmasının hücumçusu Luis Suaresin diskvalifikasiyasına etirazı rədd etmişdir.
Bu isə o deməkdir ki, FİFA-nın İntizam Komitəsinin qalmaqallı forvard barəsində sanksiyalara dair 25 iyun 2014-cü il tarixli qərarı tam şəkildə qüvvədə qalır.
Xatırladaq ki, “Liverpul”un oyunçusu Luis Suares dünya çempionatının qrup mərhələsində İtaliya yığmasının müdafiəçisi Corco Kyellinini dişlədiyinə görə 9 oyun diskvalifikasiya olunmuş və 4 ay müddətinə futboldan uzaqlaşdırılmışdır.
Bundan əlavə, uruqvaylı futbolçu 100 min frank məbləğində cərimələnmişdir. Cəza müddəti ərzində ona hər hansı stadionda görünmək qadağan edilmişdir.
L.Suares və Uruqvay Futbol Federasiyası qərara Lozannada İdman Arbitraj Məhkəməsində etiraz edə bilərlər.