Azərbaycan nümayəndələri Vyanada keçirilən beynəlxalq seminarda iştirak etmişlər

Vyana, 11 iyul (AzərTAc). İyulun 8-dən 10-dək Vyana şəhərində 10-cu Avrasiya vergi-büdcə ekspertləri seminarı keçirilmişdir. Seminar Japan Tobacco İnternational və Schlumberger şirkətlərinin dəstəyi ilə Beynəlxalq Vergi və İnvestisiya Mərkəzi tərəfindən hər il keçirilir. Bu ilki tədbir Avrasiya məkanında iqtisadi, maliyyə, vergi və büdcə məsələlərinin müzakirəsinə, habelə milli səviyyədə qabaqcıl təcrübə mübadiləsinə həsr olunmuşdu.
Seminarda Azərbaycan Respublikasını Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, vergilər nazirinin müşaviri Akif Musayev və Maliyyə Nazirliyinin vergi siyasəti  və gəlirlər şöbəsinin müdiri Cəmil Əlizadə təmsil etmişlər. Onlar seminar çərçivəsində keçirilən panel iclaslarda aparılan müzakirələrdə fəal iştirak etmiş və Azərbaycanda əldə olunan irəliləyişləri iştirakçıların diqqətinə çatdırmışlar.

Elgün Niftəliyev
AzərTAc-ın xüsusi müxbiri
Vyana