Sosial infrastruktur obyektlərinin tikintisi davam etdirilir

Bakı, 9 aprel (AzərTAc). Son illər Xəzər rayonunda sosial təyinatlı infrastruktur obyektlərinin istifadəyə verilməsi geniş vüsət almışdır. Bu sırada beynəlxalq standartlara cavab verən səhiyyə müəssisələrinin, idman meydançalarının və digər obyektlərin inşası xüsusi əhəmiyyət kəsb edir. Bu bina və qurğular şəhərin simasına yeni görkəm verməklə yanaşı, əhalinin sağlamlığının qorunmasına da xidmət edir.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, rayon ərazisində bir sıra sosial obyektlərin inşası işlərinə başlanılacaqdır. 5 nömrəli uşaq vərəm sanatoriyası söküləcək, yerində yeni binasının tikintisi və müharibə veteranları üçün xəstəxananın əsaslı təmiri işləri aparılacaqdır. Hər iki səhiyyə ocağı xarici ölkələrdən gətirilmiş avadanlıqla təchiz olunacaqlar.
İdman sahəsi üzrə isə rayon şahmat məktəbinin, Buzovna qəsəbəsində futbol stadionunun, digər qəsəbələrdə idman meydançalarının tikintisi nəzərdə tutulmuşdur.
Bundan əlavə, əhalinin sosial müdafiəsi istiqamətində də tədbirlərin görülməsi planlaşdırılmışdır. Mərdəkan qəsəbəsindəki əlillər üçün müalicə pansionatının binası yenidən qurulacaq, Şağan qəsəbəsində yerləşən müharibə əlilləri üçün nəzərdə tutulan müalicə pansionatı isə əsaslı təmir ediləcəkdir.