Ağdaşda investisiya layihələrinin qəbulu başlayır

Bakı, 9 aprel (AzərTAc). İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağdaş rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihələrdə müasir çörək istehsalı müəssisəsinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv bağçılıq və istixana təsərrüfatlarının yaradılması nəzərdə tutulur.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin bütün hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir.