Dənizkənarı bulvarda yeni idman meydançası istifadəyə verilir

Bakı, 9 aprel (AzərTAc). Aprel ayında Bakı sakinləri üçün Dənizkənarı Milli Parkın yeni bulvar ərazisində, açıq hava altında yeni idman meydançası istifadəyə veriləcəkdir.
Milli Olimpiya Komitəsinin və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı, “Baltika-Baku” şirkətinin sponsorluğu ilə yaradılan və 10-dan artıq idman qurğusunun quraşdırıldığı bu meydança əhalinin idmana olan marağını daha da artıracaqdır.
“Olimpiya dünyası” qəzetindən AzərTAc-a bildirmişlər ki, bu qurğularda 12 yaşdan yuxarı olan hər kəs idmanla məşğul ola biləcəkdir. Buradakı trenajorların bəziləri fiziki imkanları məhdud olan insanlar üçün nəzərdə tutulmuşdur. Universal meydançanın eni və uzunluğu 100 metrə yaxın olacaqdır. Təbii ot örtüyü olacaq meydançada idman qurğuları artıq yerləşdirilmişdir və buranın açılışı ilə bağlı işlər başa çatmaq üzrədir.
“Baltika-Baku” şirkətinin baş direktoru Sergey Tolmaçov yeni idman meydançası ilə bağlı bildirmişdir ki, paytaxtımızda ilk dəfə olaraq belə bir möhtəşəm layihə həyata keçirilir. “Baltika-Baku” sosial məsuliyyətli şirkət kimi daima idmanın inkişafına dəstək göstərir. Bu qurğu şəhər sakinlərinə asudə vaxtlarını ailələri ilə birlikdə sağlamlıqları üçün sərf etmələrinə kömək edəcəkdir.