Yapı Kredi Bank Azərbaycan *0444 interaktiv səsli cavablandırma xidmətinin tətbiqinə başlamışdır

Bakı, 9 aprel (AzərTAc). Yapı Kredi Bank Azərbaycan *0444 Telefon Mərkəzi tərəfindən göstərilən xidmətin keyfiyyətini daha da yüksəltmək üçün yeni interaktiv səsli cavablandırma (IVR) xidmətini istifadəyə vermişdir.
Bankın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yeni xidmət *0444 Telefon Mərkəzinə zəng edən Worldcard müştərilərinə növbə gözləmədən və operatora bağlanmadan, kart limiti, istifadə edilə bilən limit, dövri borc, cari borc və digər məlumatları almaq imkanı verir.
Xidmətdən istifadə olduqca rahatdır. Belə ki, Worldcard müştərisi günün istənilən vaxtı həm şəhər, həm də mobil telefonlardan *0444 nömrəsinə zəng vuraraq, kartın üzərindəki 16 rəqəmli nömrəni telefon düymələri vasitəsilə daxil edir və dərhal interaktiv səslic xidmətinə qoşularaq müvafiq menyunu seçir. Daha sonra istənilən məlumatı dinləmək üçün menyuda kartın 4 rəqəmli PİN kodunu qeyd etmək kifayətdir.
Bundan əlavə, həm Worldcard, həm də Pulkart müştəriləri *0444 interaktiv səsli cavablandırma xidmətinə zəng etməklə kartlarını aktivləşdirməklə yanaşı, istədikləri PİN kodu özləri təyin edə və yaxud dəyişdirə bilərlər.