“Qəbələ” klubunun U-15 komandasının İtaliyada keçiriləcək Beynəlxalq turnirdəki rəqibləri məlum olmuşdur

Roma, 9 aprel (AzərTAc). Azərbaycanın “Qəbələ” klubunun U-15 kollektivinin iştirakı ilə keçiriləcək 1999-cu il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında Stefano Qusellanın xatirəsinə həsr olunmuş turnirin püşkü atılmışdır. 

AzərTAc xəbər verir ki, 48 komandanın mübarizə aparacağı turnirdə rəqiblər 12 qrupa bölünmüşdür. “Qəbələ” “R” qrupunda İtaliya təmsilçiləri - “Torino”, “Valle dAosta” və “Arenzano” ilə mübarizə aparacaqdır.
“Qırmızı-qaralar” turnirdə ilk oyununu aprelin 18-də Bakı vaxtilə saat 14:00-da “Valle dAosta”ya qarşı keçirəcəkdir. Həmin gün 19:30-da “Arenzano”nu sınağa çəkəcək “Qəbələ” ertəsi gün 16:00-da “Torino” ilə üz-üzə gələcəkdir. Komandamızın digər oyunları isə qrupda tutacağı yerdən asılı olacaqdır.
Turnir aprelin 18-dən 21-dək İtaliyanın Turin şəhərində keçiriləcəkdir.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma