Türkiyənin Van şəhərinin sakinlərinə Xocalı faciəsi ilə bağlı materiallar paylanmışdır

Bakı, 25 fevral (AzərTAc). Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) Türkiyənin Van şəhərində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirmişdir. Şəhərin Həzrəti Ömər məscidində Xocalı faciəsinin qurbanları yad edilmiş, Qurandan ayələr oxunmuşdur.
Xocalıda qətlə yetirilmiş şəhidlərin fotoları Van şəhərinin mərkəzində sakinlərə göstərilmiş, onlara soyqırımı haqqında materiallar paylanmışdır.
BDM-in sədri İsmayıl Ağayev və ASİM-DER-in rəhbəri Göksel Gülbey çıxış edərək XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsi barədə məlumat vermişlər. Qətliamın canlı şahidlərindən olan Əlövsət Qasımov həmin gün ermənilərin günahsız insanlara qarşı həyata keçirdikləri amansız soyqırımından danışmışdır.
BDM-in sədr müavini Samir Adıgözəlli keçirdikləri aksiyanın məqsədinin Van camaatını Xocalı faciəsi ilə bağlı həqiqətlərlə daha yaxından tanış etmək olduğunu söyləmiş, qətliamın səbəbkarlarının lənətlənməli olduqlarını diqqətə çatdırmışdır.