Macarıstanın ilk kosmonavtı Bertalan Farkaş Bakı Humanitar Forumunun əhəmiyyətini yüksək qiymətləndirmişdir

Budapeşt, 4 fevral (AzərTAc). Keçən il oktyabrın 31-də və noyabrın 1-də Azərbaycan paytaxtı planetimizin müxtəlif guşələrindən gəlmiş möhtərəm qonaqları – üçüncü Bakı Humanitar Forumunun iştirakçılarını dəfə qəbul etdi. Dünya səviyyəli bir sıra məşhurlar – görkəmli alimlər, siyasətçilər, tanınmış mədəniyyət xadimləri bu nüfuzlu tədbirdə iştirak etmək üçün qədim “küləklər şəhərinə” toplaşmışdı.
Onların arasında bir nəfəri Macarıstanda yaşından, peşəsindən və sosial mövqeyindən asılı olmayaraq böyüklü-kiçikli hamı tanıyır. Məsələn, SSRİ-də Yuri Qaqarinin adı kimə məlum deyil?! Düzdür, Yuri Qaqarin kosmosa uçmuş ilk insan olmuşdur. Lakin Bertlan Farkaş da bir növ “Macarıstanın Qaqarini” hesab edilə bilər. Bu insan tarixdə ilk dəfə olaraq Macarıstanın üçrəngli bayrağını açıq kosmosda qaldırmışdır.
B.Farkaş son dərəcə cazibəli insandır. Hətta tanış olmadığı müsahibini də ilk dəqiqədən özünə cəlb edir. Bəlkə də buna görədir ki, o, lütfkarlıq göstərərək, AzərTAc-ın müxbiri ilə görüşməyə dərhal razılıq verdi.
B.Farkaşla onun rahat, səliqəli iş kabinetində görüşdük. Kabinetin divarlarında skafandr geyinmiş gənc kosmonavtın, Macarıstanın və xarici ölkələrin digər məşhur simalarının portretləri asılmışdır. Onların arasında Farkaşın həmkarlarının fotoşəkilləri də var. Divarda propeller şəkli də, səmaya uçmağa hazır vəziyyətdə olan kosmik gəminin ağ-qara fotoşəklini də görmək olar.
Müsahibim fotoşəkillərə çox diqqətlə baxdığımı görcək təmiz rus dilində izahat verdi: “Mən kosmik səyahətə həmin bu laynerdə çıxmışam”. Bir qədər irəli gedərək bildirim ki, biz xatirə fotoşəklini məhz həmin kosmik gəminin tarixi fotoşəkli fonunda çəkdirdik.
Bertlan Farkaş keçən il Bakıya səfəri barədə təəssüratlarını həvəslə bölüşür. “Mən Azərbaycan haqqında, sizin xalqınız haqqında çox eşitmişdim, amma əvvəllər heç vaxt sizin ölkədə olmamışdım. Bu ölkə barədə ilk təəssüratlarım uzun müddət xatirimdə qalacaqdır”, - deyə söhbətə başlayan Farkaş dərhal əlavə edir ki, Bakıda qonaqları qarşılayan, sonra isə Azərbaycanda olduqları bütün müddətdə hər işdə onlara kömək edən savadlı gənc oğlan və qızların çox olması onu sözün yaxşı mənasında heyrətləndirən birinci fakt idi.
Müsahibim deyir: “Çox yaxşı haldır ki, sizin gənclər biliklərə yiyələnməyə can atır, bir neçə dildə danışır və eyni zamanda xalqınıza xas olan qonaqpərvərlik ənənələrini qoruyub saxlayır və onlara riayət edir. Çox yaxşı haldır ki, gəncləri humanitar forum kimi iri beynəlxalq tədbirlərdə işləməyə cəlb edirlər”.
B.Farkaş forumun plenar iclası, Azərbaycan Prezidentinin çıxışının ona çox güclü təsir bağışlaması barədə danışır: “Bu, həqiqətən çox ciddi çıxış idi. Sizin dövlətinizin başçısı bu gün bəşəriyyətin üzləşdiyi ümdə məsələlərin demək olar ki, hamısına toxundu. Onu dinləməyə dəyərdi!”.
Daha sonra əlavə etdi ki, o özü də daxil olmaqla forumun bütün iştirakçıları Azərbaycan dövlətinin başçısını çox səmimi qarşılamış və onun nitqini diqqətlə dinləmişlər.
Macarıstanlı kosmonavt xatırlayır: “Prezident Əliyevin çıxışında bir məqam mənə xüsusilə xoş gəldi ki, o, gələcək nəsillərə - o gənclərin hansı keyfiyyətlərə malik olması, bizim onlarda hansı hissləri tərbiyə etməli olmağımız məsələlərinə diqqəti cəlb etdi. Bu da vacibdir, çünki biz bu gün malik olduğumuz ümumi planetimizi onlara təhvil verəcəyik. Buna görə də gələcək nəsillərin – bugünkü gənclərin sabah onlara təhvil verəcəyimiz dəyərlər barəsində necə sərəncam vermələri bizim üçün fərqsiz deyil. Yəqin bu səbəbdən təsadüfi deyil ki, sizin ölkənizdə gənclərə bu qədər diqqət yetirilir və sizin Prezident öz çıxışında bu barədə danışdı”.
Bu yerdə Prezident Əliyevin “Qara qızılı insan qızılına çevirək!” şüarını müsahibimə xatırlatmaqdan özümü saxlaya bilmədim. B.Farkaş dərhal öz münasibətini bildirdi: “Bu, çox gözəl və çox düzgündür! Gənclər bizim gələcəyimizdir. Mən də gənclərlə görüşməyi, onlarla söhbət etməyi, onlara məsləhət verməyi çox xoşlayıram. Mənə xoş gələn budur ki, Azərbaycanda məhz gələcəyə istiqamətlənmişlər”.
Bertalan Farkaş forum iştirakçılarının nüfuzlu tərkibi məsələsini xüsusi vurğulayır: “Onların arasında ən müxtəlif sahələrin nümayəndələri – hüquqşünaslar, iqtisadçılar, siyasətçilər, elm korifeyləri, incəsənət xadimləri vardı. Hələ neçə-neçə Nobel mükafatı laureatları, sabiq prezidentlər, keçmiş hökumət başçıları! Onların hamısını dinləmək çox maraqlı idi!”
Dəyirmi masalardan söhbət düşəndə müsahibim güldü: “Dəyirmi masaların proqramını üç dildə alıb gözdən keçirdim... Aman Allah! Necə maraqlı mövzulardır! Adam istəyir bu dəyirmi masaya da getsin, ikincisinə də, üçüncüsünə də, dördüncüsünə də! Mövzular o qədər maraqlıdır ki, hamısını dinləmək istəyirsən!
B.Farkaş müxtəlif panellərə qoşulmaqda təşkilatçıların ona necə kömək etdiklərini minnətdarlıqla xatırlayır. O etiraf edir: “Forum iştirakçılarının qəbul etdiyi yekun bəyannamədə biz forumda müzakirə etdiyimiz ümdə məsələləri həm Azərbaycan Prezidentinin, həm də digər dövlətlərin liderlərinin diqqətinə çatdırmağa çalışdıq. Bu, həqiqətən tarixi sənəd idi. Hesab edirəm ki, dayanmaq olmaz, forumu davam etdirmək lazımdır. Bu cür tədbirlər zəruridir. Bu il də forum keçirmək lazımdır. Həmin forumda iştirak etmək xoşbəxtliyi nəsib olmuş adamlar indi həlli tələb edilən problemlərin bütün kompleksini aydın təsəvvür edirlər. Onlar evlərinə qayıdandan sonra Bakıda, forumun işi müddətində gördükləri və eşitdikləri nə varsa hamısı barədə öz həmvətənlərinə söyləyəcəklər”.
Kosmonavtika barədə danışırıq. B.Farkaş həvəslə söyləyir ki, kosmonavtika bir sıra elmlərin qovuşduğu bir sahədir. O, inamla deyir: “Mən şübhə etmirəm, bir gün gələcək, Azərbaycan da öz astronavtını açıq kosmosa göndərəcək. Niyə də yox?! Bunun üçün sizin ölkənizdə hər cür şərait var – maliyyə imkanları da, elmi baza da, əlaqələr də. Axı, kosmos hamı üçündür. O, bütün ölkələri birləşdirə bilər. Burada Macarıstanın və Azərbaycanın müzakirə edə biləcəyi məsələlər var”.
Kosmonavt ətraf mühitin qorunması, alternativ enerji mənbələrinin axtarışı və işlənməsi məsələlərinə xüsusi diqqət yetirir. Müsahibim xatırlayır ki, forum iştirakçılarının bir sıra məruzələri bu mövzulara həsr edilmişdi. O deyir: “Ekologiya və alternativ enerji mənbələri məsələlərinə bundan sonra da diqqət yetirmək lazımdır. Axı, bizim bir ümumi planetimiz var, biz hamımız birlikdə onu qorumalıyıq”.
B.Farkaş forumdan sonra Qəbələyə səfərini xatırlayaraq orada yerli muzeyə getməsi barədə söhbət açır: “Muzeyin divarında gördüyüm bir fotoşəkil Macarıstana xas olan rəngləri və boyaları mənə çox xatırlatdı! Bəlkə də bizim əcdadlarımız vaxtilə sizin əcdadlarınızla sıx əlaqə saxlayıblar, ola bilsin, bizim əcdadlarımız bugünkü Macarıstana gələndən əvvəl bizim mədəniyyətlər arasında qarşılıqlı təsir baş vermişdir.
Bizdə Mezyököveşd adlı bir şəhər var. Qəbələ muzeyindəki şəkildə gördüyüm rəsmlər, peyzajlar, təbiət mənzərəsi eynilə bu şəhərdəki kimidir. Mən özümü evimizdə olduğu kimi hiss edirdim. Muzeyin direktoruna yaxınlaşıb dedim ki, mən Macarıstandan gəlmişəm. Direktor dərhal məhz həmin şəkli mənə göstərdi. Hər ikimiz gülümsədik. Elə bil o, mənim fikirlərimi oxumuşdu. Ola bilsin ki, məndən əvvəl də burada macarlar olmuş, onlar da eyni hissləri keçirmiş və düşündüklərini muzeyin direktoru ilə bölüşmüşdü”.
Söhbətimizin sonunda Bertalan Farkaş Azərbaycan xalqına ən xoş arzularını bildirdi. “Etiraf etməliyəm ki, bir dəfə Bakıya gedən adam ora bir də qayıtmaq istəyir”, - deyən müsahibim ümidvar olduğunu bildirdi ki, bu ilin payızında nəzərdə tutulan növbəti forumda da iştirak edəcəkdir.
O, iki dövlət və qardaş xalqlar arasında münasibətlərin möhkəmlənməsində Azərbaycanın Macarıstandakı səfirliyinin rolunu xüsusi qeyd etmiş və AzərTAc vasitəsilə şəxsən səfir Vilayət Quliyevə onun Bakı Humanitar Forumunun işində iştirakına göstərdiyi köməyə görə, xüsusi minnətdarlığını bildirmişdir.
Vidalaşarkən Bertalan Farkaş dedi: “Bizim xalqlarımız, xüsusən gənclərimiz daha sıx əməkdaşlıq etməli, yaxınlaşmalıdırlar. AzərTAc vasitəsilə Azərbaycan xalqına kosmik uğurlar diləmək istəyirəm, arzum budur ki, kosmik yüksəkliklərə çatasınız!”


Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Budapeşt