Azərbaycan İordaniya ilə dostluq münasibətlərinin davam etdirilməsində maraqlıdır

Əmman, 20 yanvar (AzərTAc). İordaniyanın nüfuzlu “Əl-Rəy” qəzetində Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyovun “Azərbaycan səfiri İordaniyanın Ərəb və İslam məsələlərindəki dəstəyini alqışlayır” başlığı altında müsahibəsi dərc edilmişdir.
Yazıda qeyd edilir ki, Azərbaycan Respublikasının İordaniyadakı səfiri Sabir Ağabəyov qəzetə verdiyi müsahibədə regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün İordaniya Kralı II Abdullahın səylərini alqışlayır. Ərəb və İslam məsələlərinin dəstəklənməsi, Krallıqda həyata keçirilən islahatlar, ölkənin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi Krallığın beynəlxalq aləmdəki nüfuzunun göstəriciləridir.
Səfir hər iki ölkənin dövlət başçıları və xalqları arasındakı dostluq münasibətlərinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikasının mövqeyinin İordaniya tərəfindən dəstəklənməsini məmnuniyyətlə qarşıladıqlarını, hər iki tərəfin dövlət başçıları arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verdiyini bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycan Ərəb və İslam dövlətləri, xüsusilə İordaniya ilə dostluq münasibətlərinin davam etdirilməsində maraqlıdır. Səfir bildirmişdir ki, Azərbaycanın müstəqillik əldə etdiyi qısa müddət ərzində ölkədə siyasi plüralizmə əsaslanan demokratik sistemin əsası qoyulmuş, azad bazar prinsiplərinə söykənən iqtisadiyyat bərqərar olmuşdur. Son illərdəki bütün çətinliklərə baxmayaraq Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyətinə əsaslanan institutlarının quruculuğu həyata keçirilmişdir.
Daha sonra səfir beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasının haqlı mövqeyinin dəstəklənməsinin, ölkəmizin işğal edilmiş torpaqlarının azad edilməsinin, qaçqın və məcburi köçkünlərin vətənlərinə qaytarılmasının və Dağlıq Qarabağ bölgəsində Azərbaycanın suveren hüquqlarının sülh yolu ilə təmin edilməsinin vacibliyini qeyd etmişdir.
Sonda Sabir Ağabəyov qeyd etmişdir ki, Azərbaycan xalqının və hökumətinin səyləri, eləcə də Ərəb və İslam ölkələrinin dəstəyi sayəsində beynəlxalq ictimaiyyət artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyini anlayır.
(link: http://www.alrai.com/article/627411.html).

Asya Hacizadə
AzərTAc-ın xüsusi müxbiri
Əmman