Kanadanın Toronto Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir

Bakı, 20 yanvar (AzərTAc). Kanadanın Toronto Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, mərasimdə Toronto Universitetində təhsil alan azərbaycanlı tələbələr və Toronto şəhərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev 20 Yanvar faciəsi haqqında ümumi məlumat vermiş və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışmışdır. O vurğulamışdır ki, 147 nəfər əliyalın insanın sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilməmiş, əksinə, xalqımız daha böyük qüvvə ilə mübarizəsini davam etdirmiş və bu proseslərin məntiqi nəticəsi olaraq 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etmişdir.
Tədbir zamanı 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirilmişdir.