Dubay hökumətinin rəsmi “Al-Bayan” qəzetində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı yazı dərc edilmişdir

Bakı, 20 yanvar (AzərTAc). Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Azərbaycan diasporunun rəhbəri Samir İmanovun Dubay hökumətinin rəsmi “Al-Bayan” qəzetində “Azərbaycan Qara Yanvar hadisələrinin 24-cü ildönümünü yad edir” sərlövhəli müsahibəsi dərc edilmişdir.

BƏƏ-də fəaliyyət göstərən Azərbaycan Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki, müsahibədə hər il yanvar ayının 20-də Azərbaycan xalqının Qara Yanvar qırğınının ildönümünü qeyd etdiyi oxucuların diqqətinə çatdırılır. Məlumat verilir ki, bu faciə nəticəsində 147 nəfər insan həlak olmuş, 700 nəfərdən artıq adam yaralanmış, 800 nəfərdən çox insan qanunsuz həbs edilmişdir.
Bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının silahlı qüvvələri Azərbaycanın paytaxtı Bakı şəhərinin Azadlıq meydanında azadlığını və müstəqilliyini tələb edən silahsız etirazçıların üzərinə vəhşicəsinə qanlı hücuma başladı. Bu, Kremlin rəhbərləri tərəfindən 1917-ci ildə başlayan və insanlara qarsı 70 ildən artıq davam edən repressiya və zülm siyasətinin dağılmasının qarşısını almaq, kommunist rejimini qoruyub saxlamaq üçün sovet ordusu tərəfindən edilən uğursuz bir cəhd idi.
Müsahibədə qeyd olunur ki, həmin gecə sovet qoşunlarının Azərbaycana “Qara Yanvar” kimi tanınan hücumu bu ölkənin tarixində dönüş nöqtəsi hesab edilir. Qaniçən sovet ordusunun həmin gecə asayişi bərpa etmək bəhanəsi ilə Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrindən olan insanların birləşdiyi milli-azadlıq hərəkatını boğmaq üçün Bakı şəhərində dinc əhalinin üzərinə ölümsaçan tanklar, toplar və digər ən müasir silahlarla qəddarcasına hücum etməsinə baxmayaraq xalq bu şanlı mübarizədən qalib çıxdı və öz müstəqilliyini əldə etdi.
BƏƏ-dəki Azərbaycan diasporunun rəhbəri müsahibəsində bu hadisələrlə bağlı bildirmişdir ki, keçmiş sovet İttifaqı ordusunun Bakıya hücumu 1920-ci ildən bəri Azərbaycanda misli-bərabəri olmayan faciələrə gətirib çıxardı. S.İmanov diqqətə çatdırmışdır ki, dinc insanların soyqırımına səbəb olmuş 20 Yanvar faciəsi Azərbaycan xalqının mübariz və igid xalq olduğunu təsdiq etdi.
Samir İmanov qeyd etmişdir ki, o qanlı hadisələrdən 24 il keçməsinə baxmayaraq xalqımız müdhiş gecəni bu gün xatırlayır və faciəni törədənlərə nifrətini bildirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müvafiq Fərmanına uyğun olaraq dünyanın hər yerində yaşayan azərbaycanlılar hər il yanvarın 20-də o qanlı tarixi Ümumxalq Hüzn Günü kimi yad edirlər.
Azərbaycan diasporunun rəhbəri müsahibəsində bildirmişdir ki, 1991 il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti yekdilliklə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etmiş, həmin il dekabrın 29-da ölkədə keçirilmiş referendumdan sonra Azərbaycan Respublikasının müstəqilliyi rəsmiləşmişdir. http://www.albayan.ae/one-world/overseas/2014-01-17-1.2042527