Göyçayda 20 Yanvar şəhidlərinin ailə üzvləri və II qrup əlil Fərhad Bayramovla görüş keçirilmişdir

Göyçay, 19 yanvar (AzərTAc). 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Göyçay rayonunun idarə və təşkilatlarında, mədəniyyət və təhsil ocaqlarında anım tədbirləri keçirilir.
AzərTAc xəbər verir ki, 1990-cı il 20 Yanvar hadisələri zamanı şəhid olmuş Göyçay rayon sakinləri Rauf İsayev və Mehman Muradovun ailə üzvləri, eləcə də sağlamlığını itirmiş II qrup əlil Fərhad Bayramovla görüş keçirilmişdir.
Görüşdə qeyd edilmişdir ki, keçmiş Sovet İmperiyasının təpədən dırnağadək silahlanmış qoşun birləşmələrinin qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri və əlil olan insanlar müasir tariximizin qəhrəmanlarıdırlar. Bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını heç vaxt əsirgəməmişdir. Onun səyi ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə Prezident İlham Əliyev tərəfindən daim diqqət və qayğı göstərildiyi, onlara verilən təqaüd və müavinətlərin hər il artırıldığı xüsusi qeyd olunmuşdur.
Sonda rayon icra hakimiyyəti tərəfindən iki şəhid və əlil ailələrinə maddi yardım və ərzaq bağlaması verilmişdir. Əlil və şəhid ailələri onlara olan diqqət və qayğıya görə ölkəmizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Xatırladaq ki, tədbirlər planına uyğun olaraq Göyçay rayonundakı Şəhidlər xiyabanında təmir-bərpa və abadlıq işləri görülmüş, bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərslər keçirilmişdir.
Yanvarın 20-də Göyçay şəhərindəki iki məsciddə dini mərasimlər keçiriləcək, rayon sakinləri Şəhidlər xiyabanını ziyarət edəcəklər.