Mingəçevirdə “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda konfrans keçirilmişdir

Mingəçevir, 19 yanvar (AzərTAc). Mingəçevir Şəhər Gənclər Evində “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” kimi daxil olmuş hadisələrdən danışmış, milli azadlıq yolunda canlarından keçmiş Vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını vurğulamışlar.
Qeyd olunmuşdur ki, xalqımızın həmin ağır günlərində ümummilli lider Heydər Əliyev çətin şəraitdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək verdiyi bəyanatla qanlı hadisələri kəskin pisləmiş, totalitar sovet rejiminin insanlıq əleyhinə olan siyasətinə qəti etirazını bildirmişdir. Ulu Öndər 1991-ci ildə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışarkən bu faciəyə hüquqi-siyasi qiymət verilmişdir. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il noyabrın 21-də hər il yanvarın 20-si tarixinin hüzn günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir.
Sonra Azərbaycana, şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilmiş, film nümayiş olunmuşdur.