Vətən və millət şəhidləri ilə ucalır

Göyçay, 19 yanvar (AzərTAc). Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “20 Yanvar faciəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür” mövzusunda tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş fotoguşə və kitablardan ibarət sərgi ilə tanışlıq olmuşlar.
Sonra torpaqlarımızın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Kollecin direktoru Xəlil Orucov çıxış edərək demişdir ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd, qəhrəman Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Şəhidlərimiz M.Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyərək öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirmişlər. Məhz bunun nəticəsində xalqımız uzun illərdən bəri arzusunda olduğu müstəqilliyinə qovuşmuşdur.
Tədbirdə digər çıxış edənlər bildirmişlər ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. Xalqımız bu faciədə şəhid olmuş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki, Vətən və millət şəhidləri ilə ucalır.