Veteranlar Şəhidlər xiyabanını ziyarət etmişlər

Bakı, 19 yanvar (AzərTAc). Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası rəyasət heyətinin üzvləri, Beynəlxalq Sülh və Humanitar Cəmiyyətinin sədri 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət etmiş, məzarlar üzərinə gül dəstələri düzmüşlər.
“Azərbaycan Veteranı” qəzetinin baş redaktoru Bayram İsmayılov AzərTAc-a bildirmişdir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədr əvəzi Surxay Tağızadə, şuranın rəyasət heyətinin üzvü, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri general-mayor Dadaş Rzayev və Beynəlxalq Sülh və Humanitar Cəmiyyətinin sədri professor Ağabəy Azərbaycani çıxış etmişlər. Bildirilmişdir ki, şəhidlərin qanları yerdə qalmayacaq. O dövrlərdə başda M.Qorbaçov olmaqla keçmiş Sovet İttifaqı rəhbərliyinin vəhşi siyasətinin köləsinə çevrilmiş erməni millətçilərinin əli ilə Azərbaycan xalqının başına gətirilmiş dəhşətli və acınacaqlı fəlakətlər qətiyyətlə pislənmiş və düşmən lənətlənmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan xalqının böyük etimadını qazanmış Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində itirilmiş torpaqlar sülh yolu ilə erməni işğalından azad ediləcək, qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız öz dədə-baba yurdlarına qayıdacaq, şəhidlərimizin ruhu şad olacaqdır.
Sonra tədbir Şurada “dəyirmi masa” arxasında davam etdirilmişdir.