Avstriyanın nüfuzlu “Circle Diplomatique” jurnalında III Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunmuş məqalə dərc edilmişdir

Vyana, 26 dekabr (AzərTAc). Avstriyada nəşr olunan və əsasən diplomatik korpusun, hökumət qurumlarının və iqtisadi dairələrin abunə olduğu “Diplomatique Cercle” jurnalının növbəti nömrəsində III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı məqalə dərc edilmişdir.
Məqalənin əvvəlində qeyd edilir ki, “Circle Diplomatique” jurnalı artıq növbəti dəfə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün dəvət almışdır və jurnalın bu tədbirdə iştirak etmiş əməkdaşı Bakıdan xoş təəssüratlarla ayrılmışdır.
Müəllif yazır ki, Bakı Beynəlxalq Humanitar Forumu artıq humanitar əməkdaşlıq üzrə mühüm mövzuların müzakirə edildiyi nüfuzlu platformaya çevrilmişdir. Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü əsasında hər il keçirilən Forumda bir çox ölkələrin yüksək səviyyəli dövlət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və başqaları iştirak edirlər. Forumun “dəyirmi masa”larında iqtisadiyyat, siyasət, humanitar məsələlər, elm və təhsil, media və s. mövzularda aktual problemlərlə bağlı maraqlı müzakirələr aparılır.
Məqalədə Azərbaycan Prezidenti ilham Əliyevin Forumun açılışında söylədiyi nitqindən əsas fikirlər oxucuların diqqətinə çatdırılır.
Yazıda, həmçinin III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı çoxlu sayda foto da yer almışdır. Sonda müəllif Forumun yüksək səviyyədə təşkilinə, Bakıdakı maraqlı və gözəl günlərə görə təşkilat komitəsini təbrik edir və təşəkkürünü bildirir.

Elgün Niftəliyev
AzərTAc-ın xüsusi müxbiri
Vyana