Azərbaycanın iqtisadiyyat və mədəniyyət sahəsində uğurları Meksika mətbuatında

Bakı, 26 dekabr (AzərTAc). Meksikanın “Mundo İnternacional” jurnalının növbəti nömrəsində “Azərbaycan iqtisadiyyatının 10 illik inkişaf dövrü: 2003-2013” və “Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu” sərlövhəli iki məqalə dərc olunmuşdur. 

Bu barədə AzərTAc-a Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən daxil olmuş məlumatda bildirilir ki, “Azərbaycan iqtisadiyyatının 10 illik inkişaf dövrü: 2003-2013” sərlövhəli məqalədə son 10 ildə Azərbaycan iqtisadiyyatının keçdiyi inkişaf yolundan bəhs olunmuş, ümumiyyətlə, iqtisadiyyatın 3,4 dəfə artdığı vurğulanmışdır. Bildirilmişdir ki, son 10 ildə qeyri-neft sektorunda təqribən 3 dəfə, sənaye sektorunda 2,8, kənd təsərrüfatında 1,5, tikinti sənayesində 7, nəqliyyat, informasiya texnologiyaları sektorunda 3,2, xarici ticarət dövriyyəsində 8,8 dəfə artım qeydə alınmışdır.
Məqalədə, həmçinin Azərbaycanda müxtəlif sosial və iqtisadi sahələrə qoyulan investisiyalardan, infrastrukturun müasirləşdirilməsi üçün Azərbaycan hökumətinin gördüyü mühüm işlərdən, yerli və xarici investisiyaların cəlb olunması üçün yaradılmış biznes mühitindən, informasiya texnologiyaları, elm, təhsil, idman, səhiyyə, mədəniyyət sahələrinin sürətli inkişafından, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlardan, dövlət tərəfindən bu kateqoriyadan olan insanlara göstərilən diqqət və qayğıdan bəhs olunmuşdur.
“Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu” sərlövhəli məqalədə isə Azərbaycan Prezidenti İlham Əliyevin mərasimdə iştirakı barədə məlumat verilmiş, dövlətimizin başçısının nitqindən fikirlər əksini tapmışdır. Bu mötəbər tədbirdə dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslərin, sabiq prezidentlərin, tanınmış elm, mədəniyyət xadimlərinin və Nobel mükafatı laureatlarının iştirakından, onların çıxışlarından, “dəyirmi masa”larda müzakirə olunan mövzulardan bəhs olunmuşdur.
Forumun bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platforma olması xüsusi qeyd edilmişdir.