Yaponiyada hazırlanmış robot ABŞ-da təşkil edilmiş müsabiqənin qalibi olmuşdur

Tokio, 23 dekabr (AzərTAc). Yaponiyada hazırlanmış və fəlakət zonalarında istifadə üçün nəzərdə tutulmuş robot ABŞ-ın Florida ştatında keçirilmiş müsabiqənin qalibi olmuşdur.
İki gün davam etmiş robotlar müsabiqəsində dünyanın müxtəlif ölkələrindən 16 komanda iştirak etmişdir.
ABŞ-ın Müdafiə Nazirliyinin Tədqiqatlar İnstitutu tərəfindən təşkil edilmiş müsabiqənin məqsədi, atom qəzası və təbii fəlakətlər zamanı insanlar üçün təhlükəli situasiyalarda robot texnikasının standartının hazırlanmasıdır.
Komandalara xallar ikiayaqlı robotların çıxışlarına görə verilmişdir.
Qalib robot informasiya texnologiyalarının nəhəngi hesab edilən “Google” şirkətinə məxsus “SCHAFT” firması tərəfindən düzəldilmişdir.
Bu model müsabiqədə inamla çıxış edərək, maneələri dəf etmiş və rəqiblərinə böyük üstünlüklə qalib gəlmişdir.


Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio