Bakıda ilk ailəvi idman yarışlarının final mərhələsi keçirilmişdir

Bakı, 22 dekabr (AzərTAc). Dekabrın 22-də “ABU Arena”da “Fəal ailəm, sağlam aləm” layihəsi çərçivəsində Bakıda ilk ailəvi idman yarışlarının final mərhələsi keçirilmişdir.
AzərTAc xəbər verir ki, yarışın final mərhələsinin açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov, “Coca-Cola” şirkətinin əməkdaşı Qabil Əhmədov və Olimpiya çempionu Fərid Mansurov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, idmançılarımızın qazandığı nailiyyətləri yüksək qiymətləndirmişlər.
Bildirmişlər ki, ölkəmizdə Olimpiya hərəkatı durmadan inkişaf edir. Ötən il Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında 10 medal qazanan milli komandamız dünya ölkələrinin sıralamasında 30-cu pillədə qərarlaşmışdır. Respublikamızın idman ölkəsinə çevrildiyini diqqətə çatdıran natiqlər Azərbaycanın birinci Avropa Oyunları, Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlara ev sahibliyi etmək hüququ qazanmasını böyük uğur kimi qiymətləndirmişlər.
Sonra tədbir incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etmişdir.
Daha sonra yarışın final mərhələsi başlamışdır. Həlledici mərhələ idman növləri ilə adlandırılmış 18 komanda arasında keçirilmişdir.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Velo idman” komandası qalib adını qazanmışdır. “Karate” kollektivi ikinci, “Basketbol” komandası isə üçüncü olmuşlar.
Qalib komandaya kuboku Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Olimpiya çempionu Rəfiqə Şabanova təqdim etmişlər.
“Fəal ailəm, sağlam aləm” layihəsi Azərbaycan Milli Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.
Bu ilin martından dekabrınadək İsmayıllı, Bakı, Abşeron, Qəbələ, Sumqayıt, Qax, Bərdə, Kürdəmir, Şəmkir, Ağcabədi, Nabran, Mingəçevir, digər şəhər və rayonlarda ailəvi idman yarışlarının seçim mərhələsi keçirilmişdi.
Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışın əsas məqsədi əhali arasında sağlam həyat tərzini təşviq etməklə, uşaqları, gəncləri və onların valideynlərini Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.