Azərbaycanın Misirdəki səfirliyi Qahirə Universitetində “Azərbaycan günü” təşkil etmişdir

Qahirə, 22 dekabr (AzərTAc). Azərbaycan Respublikasının Misirdəki səfirliyi tərəfindən Qahirə Universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsinin tələbələrinin iştirakı ilə “Azərbaycan günü” təşkil olunmuşdur.
Tədbirin açılışında çıxış edən Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev tələbələrə respublikamız barədə geniş məlumat vermişdir. Diplomat Azərbaycanın müstəqilliyinin ilk vaxtlarında böyük çətinliklərlə üzləşdiyini bildirmiş, müstəqilliyimizin qorunub saxlanılmasında və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında ümummilli lider Heydər Əliyevin apardığı siyasətin əvəzsiz rol oynadığını qeyd etmişdir. O, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini, son on ildə Azərbaycanın qazandığı uğurları, ölkənin mühüm iqtisadi göstəriciləri barədə statistik məlumatları mərasim iştirakçılarının nəzərinə çatdırmışdır.
Azərbaycanın qədim mədəniyyətə malik olduğunu bildirən səfir ölkəmizin görkəmli şairləri, yazıçıları, mədəniyyət və incəsənət xadimləri barədə ətraflı məlumat vermişdir.
Diplomatın çıxışını böyük maraqla izləyən misirli tələbələr tədbirdə fəal iştirak etmiş, onların Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatına dair çoxsaylı sualları səfir Şahin Abdullayev tərəfindən ətraflı cavablandırılmışdır.
Tədbirdə Azərbaycandan bəhs edən film nümayiş olunmuşdur.


Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Qahirə