“Renaissance Construction Azerbaijan” şirkəti yerli bazarda mövqelərini möhkəmləndirir

Bakı, 22 dekabr (AzərTAc). “Synergy Group” ASC-yə daxil olan “Renaissance Construction Azerbaijan” şirkəti respublikada inzibati binalar, mehmanxana, ticarət və biznes mərkəzləri, ağır və yüngül sənaye zavodları kimi müxtəlif inşaat işlərinin layihələndirilməsi və tikintisi üzrə ixtisaslaşmışdır.
ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın inşaat bazarına yeni daxil olmasına baxmayaraq “Renaissance Construction Azerbaijan” yerli bazarda öz mövqelərini gücləndirməkdədir. Müəssisə bu müddətdə Avropa və ABŞ-ın bir sıra tanınmış tikinti və dizayn şirkətləri ilə əməkdaşlığa başlamışdır.
Hazırda şirkət Şabran rayonunda “Qalaaltı Hotel SPA & Resort” müasir mehmanxana kompleksinin tikintisini başa çatdırmaq üzrədir.
Bundan əlavə, “Renaissance Construction Azerbaijan” Vergilər Nazirliyinin yeni inzibati binası, “Lenkeran Hotel & SPA”, “Shamkir Hotel & SPA”, və “Synergy Biznes Mərkəzi” kimi müasir layihələrin tikintisində iştirak etməyi planlaşdırır.