Yaponiya hökumətinin ölkəyə bir ildə on milyon turist cəlb etmək barədə tapşırığı yerinə yetirilmişdir

Tokio, 22 dekabr (AzərTAc). Cari ilin sonuna yaxın Yaponiya xaricdən gələn on milyonuncu qonağı qəbul etmişdir. Hökumət tərəfindən qarşıya qoyulmuş bu vəzifə ilk dəfə yerinə yetirilmişdir.
Yaponiya hökuməti iqtisadi inkişafı təmin etməyə yönəldilmiş strategiyanı həyata keçirmək məqsədilə ölkəyə xarici qonaqların cəlb edilməsi istiqamətində fəaliyyəti gücləndirmişdir. Hökumət tərəfindən bir ildə ölkəyə on milyon turist cəlb etmək barədə vəzifə hələ 2003-cü ildə qarşıya məqsəd qoyulmuşdu.
Lakin yapon milli valyutası olan yenin məzənnəsinin qalxması və 2011-ci ildə nüvə qəzası ilə nəticələnmiş zəlzələ nəticəsində ölkəyə turist axını kəskin azalmışdı. Başa çatmaqda olan il ərzində Cənub-Şərqi Asiyadan olan turistlər üçün viza tələblərinin yumşaldılması və yenin məzənnəsinin aşağı düşməsi bu göstəricinin sürətlə artmasına səbəb olmuşdur.
Hökumətin müəyyən etdiyi yeni vəzifə ölkəyə gələn turistlərin sayının 20 milyona çatdırılmasını nəzərdə tutur.
Bu məqsədlə ilk növbədə infrastrukturun yaxşılaşdırılması, Tokioda yerləşən “Haneda” və “Narita” kimi beynəlxalq aeroportlarda aviareyslərin sayının artırılması planlaşdırılır.
Bundan əlavə, görməli yerlərin göstəricilərinin bir neçə xarici dildə tərtib edilməsinin vacibliyi də qeyd edilir. Eyni zamanda, Yaponiya Turizm Agentliyi qonaqların lazımi yerlərdə ödənişsiz və xətsiz internet şəbəkəsinin yaradılması arzusunu da yerinə yetirməyi və aeroportlarda, vağzallarda belə şəbəkələrin yaradılmasını nəzərdə tutur.


Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio