Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqdır

Bakı, 22 dekabr (AzərTAc). 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi dekabrın 28-dən yanvarın 6-dək gücləndirilmiş iş rejimində çalışacaqdır.
Beynəlxalq Avtovağzal Kompleksindən AzərTAc-a bildirmişlər ki, bu, bayram günlərində ölkədə sərnişindaşımada intensivliyin artması ilə bağlıdır.
Əgər adi günlərdə 6-7 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 minə çatacağı gözlənilir. Buna görə də əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı artırılacaqdır. Adi günlərdə xəttə 300-350 avtobus buraxıldığı halda, bayram günlərində onların sayı 650-700-ə çatdırılacaqdır.
Bununla əlaqədar artıq ayrı-ayrı hüquqi və fiziki şəxslərlə danışıqlar aparılmış, avtobuslar sazlanaraq hazır vəziyyətə gətirilmiş, qiymət intizamına nəzarət komissiyası yaradılmışdır. Sərnişinlər biletlərin qiymətinin qanunsuz olaraq artırılması halları ilə qarşılaşdıqları Dispetçer məntəqəsinə müraciət edə bilərlər.