“Bakı Ağ şəhər” layihəsi çərçivəsində “Təməl” yaşayış kompleksi inşa edilir

Bakı, 22 dekabr (AzərTAc). “Bakı Ağ şəhər” layihəsi çərçivəsində Yaşıl Ada rayonunda “Təməl” yaşayış kompleksinin tikintisi həyata keçirilir.
“Bakı Ağ şəhər” layihəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, kompleksin 1-ci Yaşıl Ada (“Bakı Ağ şəhər”in ilk küçələrindən biri) və X.Rüstəmov küçələrinin kəsişməsində yerləşməsi Nobel və Babək prospektlərinə rahat keçidi təmin edəcəkdir.
Fransız üslubunda tikilən “Təməl” yaşayış kompleksi 104 mənzilli 7 mərtəbəli olmaqla Böyük Britaniyanın “Atkins” şirkətinin mütəxəssisləri tərəfindən layihələndirilmişdir.
Kompleksin 0,78 hektar sahəsinin 60 faizi abadlaşdırma üçün ayrılmışdır. Burada uşaqlar üçün geniş meydança, avtomobillər üçün 53 yeraltı və 61 yerüstü, eləcə də velosiped saxlamaq üçün xüsusi dayanacaqların inşası nəzərdə tutulmuşdur.
Binalar daimi su, qaz və elektrik təchizatı ilə təmin olunmuş, yanğın təhlükəsizliyi sistemi və 24 saat mühafizə və müşahidə kameraları quraşdırılmışdır. Bütün mənzillər Rəqəmsal TV, internet və telefon sistemləri ilə təchiz edilmişlər.