Yunanıstanda “DESFA” şirkətinə məxsus səhmlərin əsas hissəsinin alğı-satqı müqaviləsi imzalanmışdır

Bakı, 22 dekabr (AzərTAc). Dekabrın 21-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında bu ölkənin qazpaylayıcı sistemi olan “DESFA” şirkətinə məxsus səhmlərin 66 faizinin alınması üzrə Yunanıstan Respublikası tərəfindən elan edilmiş beynəlxalq tenderin nəticələrinə əsasən “Səhmlərin Alğı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanmışdır.
Bildirilmişdir ki, imzalanmış sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluğu tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcəkdir. İmzalanma mərasimində qeyd olunmuşdur ki, “DESFA” şirkətinə məxsus səhmlərin böyük hissəsinin ARDNŞ tərəfindən alınması Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində rolunun artırılması, eləcə də Yunanıstana xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malik hadisədir.