Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin 95 illik yubileyi münasibətilə Sloveniyanın Çepovan qəsəbəsində memorial abidəsi açılmışdır VİDEO

Nova Qoritsa, 22 dekabr (AzərTAc). Dekabrın 21-də Sloveniyanın Nova Qoritsa regionunda Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi, Sloveniyanın Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş silsilə tədbirlərdə Sloveniyanın müdafiə naziri Roman Yakiç, Azərbaycanın Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Vaqif Məmmədov, ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycanın Avstriya, Macarıstan, Polşa və Xorvatiyadakı səfirləri, ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Mehdi Hüseynzadənin qohumu Fuad Əlizadə, Mixaylo ilə çiyin-çiyinə döyüşmüş silahdaşları, Sloveniya ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Nümayəndə heyəti əvvəlcə Mehdi Hüseynzadənin həlak olduğu və abidəsinin ucaldıldığı Nova Qoritsa rayonunun Şempas qəsəbəsinə gəlmiş, burada abidə önünə əklil qoyulmuş və qəhrəmanın xatirə muzeyinə baş çəkilmiş, xatirə kitabına ürək sözləri yazılmışdır.
Sonra nümayəndə heyəti Çepovan qəsəbəsində qardaşlıq qəbiristanlığında uyuyan Mehdi Hüseynzadənin məzarını ziyarət etmişdir. Burada yaradılmış yeni memorial abidənin açılışı olmuşdur. Memorial abidə ARDNŞ ilə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə yaradılmışdır.
General-mayor Vaqif Məmmədov çıxışında yerli sakinləri salamlayaraq M.Hüseynzadənin xatirəsinə göstərilən sevgi və ehtirama görə onlara təşəkkür etmişdir. M.Hüseynzadənin Azərbaycan xalqının tarixi yaddaşında özünəməxsus yerə malik olduğunu qeyd edən V.Məmmədov onun həyatı, gəncliyi və təhsil illəri və keçdiyi döyüş yolu barədə danışmışdır. Bildirilmişdir ki, nasist Almaniyasının əsirliyində olan M.Hüseynzadə 1943-cü ildə digər legionerlərlə birlikdə Balkan yarımadası və İtaliya ərazisində Müttəfiq qoşunlarına qarşı döyüşlərə göndərilmişdir. Burada yerli partizan birləşmələri ilə əlaqəyə girən M.Hüseynzadə alman ordusundan qaçmış və 30-cu briqadanın 9-cu korpusu tərkibində fəaliyyət göstərən partizan dəstələrinə qoşulmuşdur. Sloveniya və İtaliyanın həmsərhəd regionlarında alman ordusuna qarşı döyüş əməliyyatlarının hazırlanması və həyata keçirilməsində, mürəkkəb kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsində, mülki əhalinin qorunmasında, düşmənin hərbi və canlı qüvvəsinin məhv edilməsində xüsusi xidmətləri olan M.Hüseynzadə həm silahdaşları, həm də yerli əhalinin sevimlisinə çevrilmiş, onu ələ keçirməyə çalışan alman ordusu “Mixaylo” ləqəbi ilə tanınan qəhrəman partizanın tutulması üçün böyük məbləğdə mükafat təyin etmişdir. 1944-cü il noyabrın 16-da Vitovlye kəndi yaxınlığında gedən döyüşlərdə həlak olan Mixaylonun şanlı döyüş yolu müharibənin bitməsinə bir neçə ay qalmış yarımçıq qalmışdır. 1957-ci ildə M.Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1958-ci ildə ölməz qəhrəmana həsr olunmuş “Uzaq sahillərdə” filmi lentə alınmış, 1973-cü ildə isə ona Azərbaycanın ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində Bakıda abidə ucaldılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə 2007-ci ildə Nova Qoritsa rayonunun Şempas qəsəbəsində M.Hüseynzadənin büstünün açılışı olmuşdur.
M.Hüseynzadənin xatirəsinin həm Azərbaycan, həm də sloven xalqlarının xatirəsində əbədi yaşayacağını vurğulayan V.Məmmədov belə qəhrəmanların həyatının və döyüş yolunun gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oynadığını qeyd etmişdir. V.Məmmədov çıxışının sonunda Mixayloya olan sadə və saf sevgini qəlblərində yaşatdıqlarına görə yerli əhaliyə səmimi təşəkkürünü bildirmişdir.
ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov özünün uşaqlıq illərinin İkinci Dünya müharibəsinin nəticələrinin aradan qaldırıldığı, uşaq və gənclərin müharibə qəhrəmanlarının döyüşkən ruhunda böyüdüldüyü dövrə təsadüf etdiyini qeyd etmiş və həmin qəhrəmanlar arasında M.Hüseynzadənin xüsusi yerinin olduğunu söyləmişdir.
Sloveniyanın müdafiə naziri Roman Yakiç bildirmişdir ki, Azərbaycan və sloven xalqlarının böyük oğlu M.Hüseynzadənin yubileyində iştirak etməkdən qürur hissi keçirir. Nazir qeyd etmişdir ki, İkinci Dünya müharibəsində sloven xalqının alman nasizmindən azad olmasında partizan hərəkatının xüsusi rolu olmuş, bu azadlıq M.Hüseynzadə kimi partizanların, ümumilikdə isə 140 min insanın qanı bahasına əldə edilmişdir. Keçdiyi döyüş yolu sayəsində qəhrəmanlıq tarixi yazan Mixaylo öz adını nəinki silahdaşlarının, eyni zamanda, bütün sloven xalqının qəlbinə yaza bilmişdir. Ölümündən onilliklər ötsə də, hər iki ölkə arasında dostluq bağlarının möhkəmlənməsində Mixaylo fenomeni öz sözünü deməkdədir.
Yekunda Lyublyana şəhərinin imamı Senad Karışık Mehdi Hüseynzadənin ruhuna “Fatihə” oxumuş və onun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Həmin gün Nova Qoritsa şəhərində “Perla” mehmanxanasında yubiley münasibətilə konfrans keçirilmişdir.

Elgün Niftəliyev
AzərTAc-ın xüsusi müxbiri
Nova Qoritsa

Video