Amanda Pol: Bakı Humanitar Forumunda AzərTAc-ın təşkil etdiyi “dəyirmi masa” çox uğurlu olmuş, bu paneldə medianın aktual məsələləri müzakirə edilmişdir

Brüssel, 16 dekabr (AzərTAc). Avropa Siyasət Mərkəzinin aparıcı analitiki, Britaniya eksperti və jurnalisti Amanda Pol bu il oktyabrın 31-dən noyabrın 1-dək Azərbaycanın paytaxtında keçirilmiş Üçüncü Bakı Humanitar Forumunun nəticələrini yüksək qiymətləndirmişdir.
Amanda Pol demişdir ki, dünya şöhrətli tanınmış ekspertlərin iştirakı ilə hər il keçirilən bu forum bəşəriyyətin qarşısında duran müasir dövrün ən mühüm məsələlərinin müzakirəsi üçün gözəl meydandır. O, dünyanın hər yerindən gəlmiş istedadlı mütəfəkkirlər, alimlər, biznesmenlər, siyasətçilər və digər görkəmli şəxsiyyətlər ilə, o cümlədən keçmiş prezidentlər, Nobel mükafatı laureatları və s. ilə görüşmək, əməkdaşlıq əlaqələri qurmaq və bu əlaqələri genişləndirmək üçün imkan yaradır.
Amanda Pol panellərdəki müzakirələri canlı və interaktiv müzakirələr kimi qiymətləndirmişdir. O demişdir: “Forumun təşkilinə belə yanaşma məruzəçilərin öz çıxışlarının mövzularını hərtərəfli açmasına, auditoriyanın isə bu məsələləri sərbəst müzakirə etməsinə imkan vermişdir. Şəxsən mən AzərTAc-ın təşkil etdiyi “İnformasiya məkanının qloballaşması şəraitində medianın aktual məsələləri” adlı “dəyirmi masa”da iştirak etmişdim. Belə hesab edirəm ki, bizim panel çox uğurlu olmuşdur. Müzakirələr maraqlı, canlı keçmişdir, mövzu çərçivəsində ən aktual məsələlərə toxunulmuşdur”.

Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Brüssel