Moldova KİV-ləri III Bakı Beynəlxalq Humanitar Forumunun yekunlarının şərhini davam etdirirlər

Kişineu, 29 noyabr (AzərTAc). Bakıda keçirilən III Beynəlxalq Humanitar Forum Moldova mətbuatında canlı əks-səda tapmağa davam edir. Bu barədə AzərTAc-a Azərbaycanın Kişineudakı səfirliyindən məlumat verilmişdir.
Moldovanın populyar mətbu və elektron KİV-ləri – “Rabotay-Otdıxay” jurnalı və “noi.md” Müstəqil İnformasiya Portalı öz səhifələrində və saytda forumun işi və Azərbaycan haqqında “Mədəniyyətlərarası dialoq qlobal problemlərin həlli kimi” və “Qədim Gəncə Azərbaycanın xəzinəsidir” sərlövhəli geniş materiallar dərc etmişlər.
Materiallarda qeyd edilir ki, Azərbaycan paytaxtında multikulturalizmin və qloballaşmanın aktual problemlərinin müzakirə olunduğu III Beynəlxalq Humanitar Forum müvəffəqiyyətlə keçmişdir.
Materiallarda vurğulanır ki, Bakı Beynəlxalq Humanitar Forumu dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrinin hər il görüşdükləri əhəmiyyətli məkandır.
Siyasi çəkisi sürətlə artmaqda olan forum bu il dünyanın 70-dən çox ölkəsindən rekord sayda qonaq, o cümlədən 13 Nobel mükafatı laureatını və 10-dan çox keçmiş dövlət və hökumət başçısını bir araya gətirmişdir.
Materiallarda Azərbaycanın sosial-iqtisadi inkişafın müxtəlif sahələrində son illər əldə etdiyi uğurlara xüsusi diqqət yetirilmişdir.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kişineu