Misirin nüfuzlu “Əl-Əxbar” qəzetində “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda Bakıda keçirilmiş beynəlxalq konfransın əhəmiyyətindən bəhs olunmuşdur

Əmman, 28 noyabr (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda keçirdiyi beynəlxalq konfransda iştirak etmiş məşhur jurnalist və yazıçı Nəbil Zəkinin Misirin nüfuzlu “Əl-Əxbar” qəzetində məqaləsi dərc olunmuşdur.
N.Zəki 2013-cü il noyabr ayının əvvəllərində Bakıda keçirilmiş konfransın məqsədini açıqlayaraq, “Ərəb baharı” ölkələrində son siyasi proseslərin, siyasi, iqtisadi, sosial və ictimai sahələrdə irəliləyişlərin, inqilablardan sonra baş verən kəskin dəyişikliklərin ətraflı təhlil edildiyini Misir ictimaiyyətinin diqqətinə çatdırmışdır.
Müəllif Misirlə bağlı doğru-dürüst məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması və opponentlərin səsləndirdiyi fikirlərə cavab verilməsi baxımından da konfransın əlverişli fürsət olduğunu bildirmişdir.
N.Zəki məqaləsində, həmçinin Azərbaycanla Misirin müqayisəli təhlilini vermiş, Azərbaycanda dini tolerantlıq və dözümlülük mühitinin yüksək səviyyədə olduğunu vurğulamışdır. 

Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Əmman