“The Asian Age” qəzetində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu haqqında geniş məqalə dərc olunmuşdur

İstanbul, 28 noyabr (AzərTAc). Müxtəlif ölkələrdən Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən siyasət, iqtisadiyyat və mədəniyyət xadimləri bir-biri ilə öz təəssüratlarını paylaşırlar. Hindistanlı mədəniyyət xadimi Vasinati Badrinathan Forum haqqında fikirlərini türkiyəli dostları ilə “The Asian Age” qəzetində dərc etdirdiyi “Gəncədə Nizaminin izi ilə” başlıqlı məqaləsini göndərməklə paylaşmışdır.
Müəllif qeyd edir ki, 2009-cu ildən sonra ikinci dəfə Azərbaycana etdiyi səfər zamanı da forumda böyük mədəni və intellektual elitanın toplandığının şahidi olmuşdur. Azərbaycan xalqının qonaqpərvərliyi, zəngin milli mətbəxi, gözəlləşən və inkişaf edən paytaxt Bakı və Xəzərin ecazkar mənzərəsi hər zaman cəzbedicidir.
Forum çərçivəsində Azərbaycanın dilbər guşələrindən biri olan Gəncəyə səfərindən söhbət açan hindistanlı musiqiçi bildirmişdir ki, buradakı muzeylərdə gördüyü musiqi alətləri, milli xalçalar bütün qonaqları valeh etmişdir. Milli geyimdə səhnəyə çıxan gənc xanəndələrin və rəqqasların ifaları şəhərdə keçirilən festivala rövnəq vermişdir.
Müəllif sonra yazır ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin şeirlərinin ifası 4 min illiyini qeyd edən qədim Gəncə şəhərinin yubiley şənliklərini daha da mənalı etmişdir. Dahi Nizaminin poemaları sufi musiqiçilərinin də ilham mənbəyi olmuşdur. Muğam sənətçiləri də şairin əsərlərindən bəhrələnmişlər. Nizaminin məqbərəsində olduğum zaman “Leyli və Məcnun”un Hindistan versiyasını ölkəmdə seyr etdiyimi də xatırladım. Biz, Göygöl qəsəbəsindəki musiqi məktəbindən də böyük təəssüratlarla ayrıldıq. Aşıq Şəmşirin adını daşıyan bu məktəbdə muğam, aşıq musiqisi ilə yanaşı klassik dünya musiqisinin də tədris edilməsi Azərbaycanın dünya mədəni irsinə verdiyi dəyərin təzahürüdür.


Oqtay Bayramov
AzərTAc-ın xüsusi müxbiri
İstanbul