III Bakı Beynəlxalq Humanitar Forumu qlobal dünyada Azərbaycanın yüksək nüfuzunu və etibarını bir daha göstərmişdir

İstanbul, 18 noyabr (AzərTAc). Türkiyənin Yıldız Texniki Universitetinin professoru Adil Allahverdiyev AzərTAc-a müsahibəsində bildirmişdir ki, III Bakı Beynəlxalq Humanitar Forumu qlobal dünyada Azərbaycanın yüksək nüfuzunu və etibarını bir daha göstərmişdir.
“Forumda iştirakımdan çox məmnunam və hələ də bu mötəbər tədbirin təsiri altındayam”, - deyən A.Allahverdiyev vurğulamışdır ki, 70-dən çox ölkədən gəlmiş 800 nümayəndə arasında dünyanın tanınmış siyasət, iqtisadiyyat, elm, mədəniyyət və mətbuat xadimləri olmuşlar. Bu insanlarla ünsiyyət zamanı onların Azərbaycana olan heyranlıqları, ölkəmizin inkişafı və quruculuq işlərindən ağız dolusu bəhs etmələri xaricdə yaşayan azərbaycanlı kimi məndə qürur hissi doğurdu.
Forumdakı çıxışının da maraqla qarşılandığını bildirən professor A.Allahverdiyevin demişdir ki, bu tədbir həm də gələcəyə doğru siyasi və elmi sərmayə kimi qiymətləndirilməlidir. Azərbaycanın yüksək imicini ABŞ və Avropa ölkələrindən gəlmiş nümayəndələrə göstərmək baxımından Forumun bir diplomatik missiyası da vardır. Bir elm adamı kimi, mənim üçün ən yadda qalan anlardan biri də dünyanın 13 Nobel mükafatı laureatının Forumda iştirakı, onların çıxışları idi. Zənnimcə, nadir ölkə tapılar ki, bu qədər Nobel laureatının bir araya gəlməsini təmin etsin.
Digər sevindirici amilin də dünyanın müxtəlif ölkələrində yaşayan və işləyən tanınmış azərbaycanlı elm adamlarının bir araya gəlməsi və bir-birini daha yaxından tanımaları olduğunu söyləyən A.Allahverdiyev demişdir ki, bu görüşləri, eyni zamanda, diaspor fəaliyyətinin bir hissəsi kimi də qəbul etmək olar.
Forumda “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri” mövzusunda “dəyirmi masa”sının müxtəlif xəstəliklərin kök hüceyrə ilə müalicəsi bölməsinə sədrlik etmək də məni çox həyəcanlandırdı. Yeri gəlmişkən, bu masanın elmi proqramının yüksək səviyyədə təşkilində səyləri olan akademik Əhliman Əmiraslanova da təşəkkürümü çatdırmaq istəyirəm.
Forum çərçivəsində Azərbaycanın dilbər guşələrinə təşkil olunan səfərlər də məndə və həmkarlarımda dərin təəssüratlar yaratdı. Bizim qrupun üzvləri Qəbələ və Şəki rayonlarında yüksək inkişaf, geniş abadlıq və quruculuq işlərindən heyranlıqla bəhs edirdilər.
Oqtay Bayramov
AzərTAc-ın xüsusi müxbiri
İstanbul