Quram Marxulia: “Bakı Humanitar Forumunun iştirakçısı olduğumdan şərəf duyuram”

Tbilisi, 15 noyabr (AzərTAc). Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxulia mötəbər tədbirlə bağlı təəssüratlarını AzərTAc-ın müxbiri ilə bölüşmüşdür.
Gürcü alim demişdir ki, mən ikinci dəfədir Bakı Forumunun işində iştirak edirəm. Bəri başdan qeyd edim ki, dünyanın görkəmli dövlət xadimləri, məşhur siyasətçilər, nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələrinin qatıldıqları forum həm təşkilati, həm də müzakirə olunan aktual məsələlər baxımından diqqəti çəkmiş, Azərbaycanın hər sahədə olduğu kimi, etnik və dini zəmində tolerantlığının, dözümlülüyünün gücünü nümayiş etdirmişdir. O demişdir ki, məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq Azərbaycanda belə tədbirlərin keçirilməsini təbii hesab etmiş və ölkədə bütün millətlərin, dinlərin nümayəndələrinin daim sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşadıqlarını vurğulamışdır.
Q.Marxulia Azərbaycanın uğurlarına, inkişafına heyran qaldığını söyləmiş, ölkənin davamlı və dinamik inkişafının yalnız paytaxt Bakıda deyil, bütün bölgələrdə nəzəri cəlb etdiyini demişdir.
Professor ayrı-ayrı ölkələrdən foruma dəvət olunanların apardıqları fikir mübadilələrinin, diskussiyaların beynəlxalq humanitar əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, həmçinin bölgədə sabitliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb etdiyinə diqqəti çəkmişdir.
O demişdir ki, forum iştirakçıları Azərbaycan dövləti başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəldiyinin, bölgədə liderlik mövqeyinin getdikcə möhkəmləndiyinin bir daha şahidi olmuşlar. Heç təsadüfi deyildir ki, qədirbilən Azərbaycan xalqı üçüncü dəfə də çox layiqli seçim edərək ölkənin gələcək taleyini cənab İlham Əliyevə etibar etmişdir. Q. Marxulia çoxlu mötəbər tədbirlərə layiqincə ev sahibliyi edən Azərbaycanın böyük gələcəyinə ümidvar olduğunu bildirmiş və ölkə rəhbərliyinin uğurlu tarazlı siyasəti sayəsində ölkənin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini vurğulamışdır.
O demişdir ki, Beynəlxalq Forumun gedişi zamanı Azərbaycanın dözümlülük, tolerantlıq məkanına, onun paytaxtı Bakının isə beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildiyinin bir daha şahidi olduq.
Q.Marxulia tədbir çərçivəsində hazırda dünya miqyasında aktual olan mövzularda “dəyirmi masa”lar keçirildiyini, özünün əsas məsələlərdən sayılan multikulturalizmlə bağlı “dəyirmi masa”nın işində iştirak etdiyini bildirmişdir. Qeyd etmişdir ki, burada da Azərbaycanın siyasəti bizi heyran etmiş, çox maraqlı fikir mübadiləsi şəraitində multikulturalizmin bu ölkədə həyat tərzinə çevrildiyinin, ona cəmiyyətin tam dəstəyinin şahidi olduq.
Professor hələ də Bakı Beynəlxalq Humanitar Forumunun xoş təəssüratları altında olduğunu, belə bir mötəbər forumda iştirakından şərəf duyduğunu qeyd etmişdir.


İslam Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi