Mantas Adomenas: Bakı Beynəlxalq Humanitar Forumunun miqyası güclü təsir bağışladı

Vilnüs, 12 noyabr (AzərTAc). Bakı Beynəlxalq Humanitar Forumunun miqyası güclü təsir bağışladı. Forumda 70 ölkənin nümayəndə heyəti, 13 Nobel mükafatı laureatı təmsil olunmuşdu. Forumun təşkilatçılarını təbrik etmək, bu möhtəşəm tədbirin ritmini və ab-havasını uzun illər boyu qoruyub saxlamalarını arzu etmək istərdim.
Litva Seyminin deputatı, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədrinin müavini Mantas Adomenas bu sözləri AzərTAc-ın müxbirinə müsahibəsində söyləmişdir. Litvalı deputat qeyd etmişdir ki, maraqlı və aktual məruzələrin dinlənildiyi forum çərçivəsində perspektivli əlaqələr yaratmaq mümkün olmuşdur.
Mantas Adomenas Bakıda aparılan möhtəşəm tikintilər, dünyanın lüks brendlərinin ucaltdığı mehmanxanalar, Azərbaycan paytaxtının yeni rəmzləri barədə təəssüratlarını da bölüşərək, razılıq hissi ilə qeyd etmişdir ki, müasir obyektlərin tikintisi zamanı şəhərin klassik üslubu qorunub saxlanmış, ölkə rəhbərliyi ənənələr ilə yeniliklər arasında tarazlığı tapa bilmişdir. Əzəmətli köhnə binaların fasadları göz oxşayır, yeni tikililərə isə milli elementlər daxil edilir. Bütövlükdə klassik və eyni zamanda cavanlaşmış şəhər təsəvvürü yaranır.
M.Adomenas iki ölkə arasında münasibətlərin vəziyyəti barədə sualın cavabında bildirmişdir ki, Litva-Azərbaycan əlaqələri müsbət məcrada inkişaf edir. Əməkdaşlığı daha da möhkəmlətmək üçün potensial imkanlar da var, hər iki tərəfin xoş məramı da.
Avropa İttifaqı Şurasının sədri olan Litvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu mövzusuna toxunan M.Adomenas bildirmişdir ki, Litva bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır və bundan sonra da həmin xəttə sadiq qalacaqdır.
Deputatın sözlərinə görə, Ermənistan Avropaya inteqrasiyadan imtina etməklə özünü çıxılmaz vəziyyətə salmışdır. Litva ümid edir ki, Ermənistan tərəfi bir həqiqəti anlayacaqdır: münaqişənin beynəlxalq hüquq normaları əsasında dinc yolla tənzimlənməsi onun bu vəziyyətdən çıxmasına kömək edər.

Nigar Cəfərli
AzərTAc-ın xüsusi müxbiri
Vilnüs