Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzeti III Bakı Beynəlxalq Humanitar Forumundan yazır

Bakı, 12 noyabr (AzərTAc). Səudiyyə Ərəbistanının nüfuzlu “Ər-Riyad” qəzetində tanınmış köşə yazarı, III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş Abdullah bin Əbdülmöhsen əl-Fərəcin “Bakı Beynəlxalq Humanitar Forumu və iqtisad” sərlövhəli məqaləsi dərc olunmuşdur. Bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AzərTAc-a məlumat verilmişdir.
Müəllif məqalədə yazır: “Oktyabrın 31– noyabrın 1-də keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdim. Mühüm qlobal məsələlərin müzakirə olunduğu Forumda dünyanın bir çox ölkələrindən sabiq prezidentlər, müxtəlif sahələr üzrə Nobel mükafatı laureatları iştirak etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində söylədiyi nitqində aktual mövzulara toxunmuş, ölkədə aparılan uğurlu iqtisadi islahatlar haqqında danışmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan öz iqtisadiyyatını təkcə neftdən asılı olmayaraq inkişaf etdirmək niyyətindədir. Dövlət başçısı ölkənin qeyri-neft sektorunun yüksək templə inkişaf etdiyini söyləmişdir”.
Abdullah bin Əbdülmöhsen əl-Fərəc qeyd edir ki, həqiqətən də əgər biz Azərbaycanda cari ilin ilk səkkiz ayının ümumi daxili məhsuluna nəzər salsaq, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artımın olduğunu müşahidə edə bilərik. Bu yüksək səviyyənin əldə edilməsində ölkədə qeyri-neft sektorunun sürətli artımının da payı vardır. Əlbəttə, bu dəyişikliklər iqtisadi islahatların həyata keçirilməsi nəticəsində baş vermişdir və eyni zamanda, bu islahatlar neftdən asılılığı azaltmaq və digər sahələri inkişaf etdirmək məqsədi ilə aparılmışdır.
Məqalədə diqqətə çatdırılır ki, bu islahatlar yalnız iqtisadi sahədə deyil, həmçinin sosial sahədə də həyata keçirilmişdir. İşsizliyin səviyyəsi xeyli azalaraq 4,8 faiz təşkil etmişdir. Bu da ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcminin artmasına gətirib çıxarmışdır. Son 10 il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 5,5 faizə enmişdir. Bu, böyük nailiyyətdir. Azərbaycan yalnız postsovet ölkələri arasında deyil, həmçinin bütün dünyada yüksək reytinqə malikdir. Davos Ümumdünya İqtisadi Forumunun reytinqinə əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 39-cu yerdədir.
Sonda müəllif yazır: “Təbii ki, 22 ildir müstəqilliyini bərpa etmiş Azərbaycanın qazandığı bu nailiyyətlər bizi çox sevindirir. Səudiyyə Ərəbistanına dost və qardaş ölkə olan Azərbaycana gələcək illərdə daha böyük uğurlar arzu edirik”.