Topaz Premyer Liqasında yeni rekord

Bakı, 6 noyabr (AzərTAc). Futbol üzrə Topaz Premyer Liqasında mövsümün yeni rekordu müəyyənləşmişdir.
Peşəkar Futbol Liqasından AzərTAc-a bildirmişlər ki, çempionatın 12-ci turunda qapılara ümumilikdə 22 qol vurulmuşdur. Belə ki, azarkeşlər “Bakı”–“Simurq”, “İnter”–“Rəvan” və “Neftçi”–“Xəzər-Lənkəran” görüşlərinin hərəsində 5 qola şahidlik etmişlər. Bu matçlardan sonuncusunda 4:1, digər ikisində isə 3:2 hesabı qeydə alınmışdır. Hər 3 görüşdə meydan sahibləri qalib gəlmişlər.
“Sumqayıt”–AZAL oyunu qolsuz bitdiyi turun son görüşü daha məhsuldar olmuşdur. “Qarabağ” komandası “Qəbələ”ni 4:3 hesabı ilə məğlub etmişdir. Bununla da 16 qolun vurulduğu 6-cı turun rekordu yenilənmişdir.
Bu tur orta məhsuldarlıq 4,40-a olmuşdur. Bu nəticə də son 6 mövsüm üçün mütləq rekorddur. 2008/2009-cu il mövsümünün startından indiyədək ən yüksək məhsuldarlıq 4-ə bərabər idi. 2009/2010-cu il mövsümümün 6-cı, 2012/2013-cü il mövsümünün 31-ci turunda 6 oyuna 24 qol vurulmuşdu. İndi həmin turlarla müqayisədə 2 qol az vurulsa da, bu 6 deyil, 5 matçda gerçəkləşmişdir.