Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilmişdir

Bakı, 6 noyabr (AzərTAc). Kiyevdə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) fəalları ilə görüşmüşdür.
UAGB-dan AzərTAc-a bildirilmişdir ki, görüşdə birliyin sədri Anar Tahirov rəhbərlik etdiyi qurumun dörd ilə yaxın müddətdə həyata keçirdiyi silsilə tədbirlər, sosial və mədəni layihələr haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Ukraynanın müxtəlif ali təhsil ocaqlarında minlərlə azərbaycanlı gənc təhsil alır. O, Prezident İlham Əliyevin Azərbaycan gənclərinə verdiyi tapşırıq və tövsiyələrin yerinə yetirilməsi, ölkəmizlə bağlı həqiqətlərin Ukrayna ictimaiyyətinə çatdırılması və milli mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində indiyədək həyata keçirilmiş tədbirlərin nəticələrindən danışmışdır.
Fərhad Məmmədov xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərə, onların yaşadıqları ölkələrin ictimai, mədəni həyatına inteqrasiya olunmalarına Azərbaycanda dövlət səviyyəsində xüsusi diqqət ayrıldığını bildirmişdir. O, Azərbaycanla, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında dünyanın hansı hissəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gəncin üzərinə düşən tarixi missiyadan danışmışdır.
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu sosial, iqtisadi islahatların həyata keçirildiyini diqqətə çatdıran F.Məmmədov demişdir ki, bu gün rəsmi Bakının razılığı olmadan regionda heç bir qlobal layihənin reallaşması qeyri-mümkündür. SAM-ın direktoru Azərbaycanda yaxın gələcəkdə daha böyük iqtisadi layihələrin həyata keçiriləcəyini vurğulamışdır.
Görüşdə Ukraynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai, mədəni, iqtisadi həyatına inteqrasiya mexanizmi, ukraynalı və azərbaycanlı gənclərin gələcəkdə birgə həyata keçirəcəkləri layihələr haqqında geniş fikir mübadiləsi aparılmışdır.