“Ömrümün beşinci fəsli” kitabının “İmza günü” keçirilmişdir

Bakı, 6 noyabr (AzərTAc). Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair, publisist, tərcüməçi Afaq Şıxlının “Adiloğlu” nəşriyyatında çap olunmuş “Ömrümün beşinci fəsli” kitabının “İmza günü” keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza A.Şıxlının yaradıcılığından söz açmışdır. Bildirmişdir ki, Moskvada yaşayan Afaq Şıxlı ana dilimizdə işıq üzü görmüş sayca beşinci kitabı ilə oxucuların görüşünə gəlmişdir. Kitabdakı şeirlər həm forma və həm də məzmunca rəngarəngdir.
Diqqətə çatdırılmışdır ki, Afaq 1000-dən artıq şeir və hekayənin, publisistik yazının müəllifi olmaqla yanaşı, türk və rus müasir ədəbiyyatından etdiyi dəyərli bədii tərcümələrin müəllifidir.
Tədbirdə şairin yaradıcılığından nümunələr səsləndirilmişdir.
Sonda Afaq Şıxlı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, imzası ilə kitabını iştirakçılara təqdim etmiş, yeni şeirlərini oxumuşdur.