Azərbaycanda ilk dəfə “Gənclər hökuməti” modeli təşkil olunacaqdır

Bakı, 6 noyabr (AzərTAc). Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən ölkəmizdə ilk dəfə “Gənclər hökuməti” modeli təşkil olunacaqdır.
ARGTMŞ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, “Gənclər hökuməti” modelinin əsas məqsədi gənclər arasında dövlət qulluğuna marağın artırılması və onların qərar qəbuletmə prosesinə cəlb olunmasını, habelə “Azərbaycan-2020” mövzusunun meyarlarının gənclər arasında müzakirəsini təşkil etməkdir. Gənclərin dövlət qurumlarının fəaliyyətində yaxından iştirak etmələrini təmin etmək də əsas hədəflərdəndir.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşacaq layihə Bakı və Gəncə şəhərlərində, Lənkəran və Şəki rayonlarında yaşayan 14-29 yaşlı gəncləri əhatə edəcəkdir.
Layihə çərçivəsində gənclər üçün dövlət qulluğu və qərarqəbuletmə ilə bağlı bir sıra təlimlər keçiriləcəkdir. Təlimlərdə seçilmiş gənclər dövlət qurumları və nazirliklərin iş fəaliyyəti ilə tanışlıq görüşlərində iştirak edəcəklər.
Sonda isə “Gənclər hökuməti” simulyasiya oyunu keçiriləcəkdir.