Yaradıcı uşaq və yeniyetmələrin əl işlərindən ibarət “Mənim sehrli xalçam” adlı müsabiqə keçirilir

Bakı, 6 noyabr (AzərTAc). Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi yaradıcı uşaq və yeniyetmələr arasında “Mənim sehrli xalçam” adlı rəsm müsabiqəsi keçirir.
Muzeydən AzərTAc-a bildirmişlər ki, Xalça Muzeyinin yeni binasının rəsmi açılışına həsr olunmuş müsabiqə qədim sənət nümunələrindən olan xalça sənətinə marağı artırmaq, onu gələcək nəsillərə çatdırmaq, sevdirmək məqsədi ilə elan edilmişdir.
Sərgiyə iştirakçılar xalça və xalq tətbiqi sənəti nümunələri və müxtəlif üslubda işlənmiş rəsm işlərini təqdim edə bilərlər.
Müsabiqəyə təqdim olunacaq əl işləri noyabrın 10-dan dekabrın 1-dək Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin uşaq muzeyi şöbəsində qəbul ediləcəkdir.
Dekabrın 12-də müsabiqəyə təqdim olunmuş əl işlərindən ibarət sərgi açılacaq, qaliblərə diplomlar təqdim olunacaqdır.